Qvardioladan Dalotun epizoduna şərh: "Qırmızı idi"
Pep Qvardiola: “Dalot qırmızı vərəqə almalı idi, amma bunu məğlubiyyətə bəhanə etmək düzgün olmaz”
90plus.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Mançester Yunayted”ə qarşı 0:2 hesablı məğlubiyyətdən sonra diqqət çəkən açıqlama verib. İspaniyalı mütəxəssis Dioqo Dalotun Ceremi Dokunu kobud şəkildə dayandırdığı epizodda qırmızı vərəqə almalı olduğunu bildirib.
Qvardiola həmin vəziyyətlə bağlı belə deyib:
“Bu, qırmızı vərəqəlik epizod idi. Amma bir məşqçi kimi oyunun səbəbini bunun üzərinə atmaq mənim üçün düzgün olmaz”.
Təcrübəli çalışdırıcı qeyd edib ki, əgər bu epizoda fokuslansalar, komanda inkişaf edə bilməz:
“Bəlkə də 85 dəqiqə 10 nəfərə qarşı oynaya bilərdik. Amma məğlubiyyəti buna bağlasaq, irəli gedə bilmərik. Futbolçular bəhanə axtarmağa başlasa, gələcək üçün problem yaranar”.
Pep Qvardiola oyunun ümumi mənzərəsini də etiraf edib:
“Biz özümüzə baxmalıyıq. Bugünkü analiz göstərir ki, ‘Mançester Yunayted’ daha yaxşı idi və qələbəyə layiq gəldi”.
Qarşılaşma “Mançester Yunayted”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.
© Copyright 2026, All Rights Reserved