Rafael Ağayev: “Depressiyadayam. Vaxtım çayxanalarda keçir”
Rafael Ağayevdən səs-küylü açıqlamalar: “Formadan düşməmək üçün məşq edirəm, amma bir az depressiyadayam”.
90plus.az xəbər verir ki, dünya şöhrətli karateçimiz Rafael Ağayev sosial mediada ciddi müzakirələrə səbəb olan açıqlamalar verib. İdmançı bildirib ki, hazırda heç bir yarışa hazırlaşmır və tələbə də hazırlamır:
“Formadan düşməmək üçün məşq edirəm. Hər hansısa gözləntim yoxdur. Allaha dua edirəm, elə dolanıram. Vaxtımın böyük hissəsi çayxanalarda keçir, dincəlirəm. Bir az depressiyadayam, amma yəqin ki, hər şey yaxşı olacaq.”
Ağayev Azərbaycan Karate Federasiyası ilə bağlı da sərt fikirlər səsləndirib. O qeyd edib ki, idmançılar sosial mediada ona dəstək verəndə maaşları kəsilirmiş:
“İdmançılar mənə ‘like’ qoyanda maaşların kəsirdilər. Deyirdilər ki, baxın, Rafael çox danışır. Deyən yox idi ki, düz danışır. Danışmalıyam da, dinləyən yox, sayan yox… Avropa, dünya çempionatı olanda zədəli-zədəli çıxıb döyüşürdüm. Bir dəfə zədə üçün iynə istədim. Dedilər ki, ‘Sən bizi bezdirmisən’. Mən maşın, ev istəmirdim. Sadəcə döyüşə bilmək üçün iynə lazım idi.”
O həmçinin Avropa, İslam Oyunları və Olimpiadada qazandığı mükafatlarla bağlı da haqsızlıqlardan danışıb:
“Avropa və İslam Oyunlarında 150 min, Olimpiadada 300 min qazananda dedilər ki, ortaya pul qoyun, hamıya veriləcək. Bəs mən hazırlaşanda o ‘hamı’ harada idi?”
Rafael Ağayevin sözləri Azərbaycan idman ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
✍🏻 Mənbə: Azerisport
© Copyright 2025, All Rights Reserved