Ramos ayrıldığını açıqladı: "Bu, mənim son matçım idi"
90plus.az xəbər verir ki, 39 yaşlı ispan ulduz Serxio Ramos futbol karyerasını davam etdirdiyi “Monterrey”də son matçına çıxdığını açıqlayaraq Meksika klubuna rəsmi şəkildə vida edib.
İspan futbolunun əfsanələrindən sayılan Ramosun formasını geyindiyi “Monterrey”, 2025 Meksika Liqasının Apertura turnirinin yarımfinalında “Toluca”ya 3–2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Qarşılaşmada penaltidən bir qol vuran Ramos oyundan sonra TUDN-ə verdiyi açıqlamada vida qərarını təsdiqləyib. Təcrübəli müdafiəçi belə deyib:
“Keçən həftə bunu çox aydın şəkildə demişdim, bu gün mənim son matçımdır.”
Serxio Ramos fevral ayında “Monterrey”ə transfer olunmuşdu və onun klubla müqaviləsi 31 dekabr 2025-ci ildə başa çatır. İspaniya nəhəngi “Real Madrid”lə sayısız uğurlar qazanan Ramos daha əvvəl “Sevilya” və PSJ kimi klubların da şərəfini qoruyub.
Digər tərəfdən, italiyalı jurnalist Fabritsio Romano 39 yaşlı müdafiəçinin futbola davam etmək niyyətində olduğunu və qarşıdakı təklifləri dəyərləndirəcəyini bildirib.
© Copyright 2025, All Rights Reserved