“Real Madrid”də El Klasiko öncəsi qalmaqal: Mbappeyə xəsislik ittihamı
“Real Madrid”də El Klasiko həyəcanı yaşanarkən, Kilian Mbappenin zədə prosesi və Kriştiano Ronaldonun rekorduna çatmaq istəyi İspaniya mediasında geniş müzakirələrə səbəb olub. Fransız ulduzun bu ambisiyası bəziləri tərəfindən “xəsislik” kimi qiymətləndirilir.
90plus.az xəbər verir ki, 2025-ci ili 59 qolla başa vuran Mbappe, Kriştiano Ronaldonun bir təqvim ilində vurduğu tarixi rekorda şərik olub. Lakin İspaniya mətbuatında iddia edilir ki, forvard bu hədəf naminə zədəli olduğu halda oynamaq istəyib və bununla da öz sağlamlığını riskə atıb.
“Real Madrid” İspaniya Superkubokunun finalında “Barselona” ilə üz-üzə gəlməyə hazırlaşdığı bir vaxtda, Mbappenin fiziki durumu və meydandan kənar qərarları tənqid hədəfinə çevrilib. Dizindəki problemlərə görə “Atletiko Madrid”ə qarşı yarımfinal matçını buraxan fransız futbolçu, komandaya mənəvi dəstək vermək üçün Ciddəyə yollanıb.
Ancaq Mbappenin sadəcə tribunada qalmaq istəməməsi və baş məşqçi Xabi Alonsonun onunla bağlı “oynaya bilər” mesajı verməsi İspaniyada narazılıq doğurub. Tənqidlərin mərkəzində isə Mbappenin Kriştiano Ronaldoya məxsus “bir təqvim ilində 59 qol” rekordunu keçmək arzusu dayanır.
İspaniyalı jurnalist Xorxe Pulido Mbappeni açıq şəkildə bencillikdə ittiham edərək bildirib ki, ulduz futbolçu hətta 3-cü liqa təmsilçisi “Talavera”ya qarşı kubok matçında belə rekordu qırmaq üçün özünü həddindən artıq yükləyib və bu da zədəsinin ağırlaşmasına səbəb olub.
Xatırladaq ki, Mbappe 2025-ci ili 59 qolla tamamlayaraq Kriştiano Ronaldonun 2013-cü ildə müəyyən etdiyi göstəriciyə çatmışdı. Lakin bu ambisiyanın mövsümün ən vacib oyunlarından biri olan “Atletiko Madrid” derbisini buraxmasına gətirib çıxarması Madrid futbol ictimaiyyətində “komanda maraqlarını ön plana atmamaq” kimi dəyərləndirilib.
© Copyright 2026, All Rights Reserved