“Real Madrid”dən UEFA-ya qarşı cavab addımı
Madrid Əyalət Məhkəməsi UEFA və La Liqanın Avropa Superliqası ilə bağlı verdiyi etirazları rədd edib.
90plus.az xəbər verir ki, bu qərardan sonra “Real Madrid” Avropa Superliqası məsələsində yaranmış mübahisəyə görə UEFA-dan təzminat tələb edəcəyini açıqlayıb.
İspaniya klubunun rəsmi bəyanatında bildirilib:
“Madrid Əyalət Məhkəməsinin UEFA və La Liqanın etirazlarını rədd etməsini məmnunluqla qarşıladıq. Bu qərar, Avropa Birliyi Ədalət Məhkəməsinin qərarı əsasında, UEFA-nın Avropa Superliqası məsələsində dominant mövqeyindən sui-istifadə etdiyini və Aİ-nin azad rəqabət qaydalarını ciddi şəkildə pozduğunu təsdiqləyir.”
“Real Madrid” əlavə edib ki, bu qərar klubun gördüyü maddi zərərlərin qarşılanması üçün hüquqi zəmin yaradır. Klubun bəyanatında vurğulanıb:
“Komandamız qlobal futbolun və azarkeşlərin xeyrinə çalışmaqda davam edəcək və UEFA-dan üzləşdiyi böyük zərərin təzmin edilməsini tələb edir.”
Xatırlatma: 2021-ci il aprelin 19-da İngiltərədən “Arsenal”, “Mançester Yunayted”, “Çelsi”, “Liverpul”, “Mançester Siti”, “Tottenhem”, İtaliyadan “Milan”, “İnter”, “Yuventus”, İspaniyadan isə “Atletiko Madrid”, “Barselona” və “Real Madrid” klubları Avropa Superliqası layihəsini elan etmişdilər.
İlk plana əsasən, turnirdə 20 komanda iştirak etməli, 15 “daimi üzv” hər mövsüm sabit şəkildə yarışmalı idi. Lakin FİFA və UEFA-dan gələn sərt reaksiyalardan sonra “Real Madrid”, “Barselona” və “Yuventus” istisna olmaqla digər 9 klub layihədən geri çəkilmişdi.
Sonradan məsələ Avropa İttifaqı Ədalət Məhkəməsinə daşınmış, məhkəmə UEFA və FİFA-nın Superliqanın yaradılmasına qarşı çıxışını rəqabət qanunlarına zidd hesab etmişdi.
© Copyright 2025, All Rights Reserved