“Real Madrid”in məşqi dopinq nəzarətinə görə ləngidi

Bazar ertəsi günü “Real Madrid”in məşqi gözlənilmədən bir saatdan çox gecikdi. Səbəb isə La Liqa tərəfindən bir neçə futbolçuya dopinq testlərinin aparılması oldu.
90plus.az xəbər verir ki, komandanın qarşıdan gələn “Marsel”lə Çempionlar Liqası qarşılaşması öncəsində son hazırlıqlarını etdiyi vaxtda dopinq nəzarətinin gəlməsi klub daxilində narazılıq doğurub. Vaxt seçimi, xüsusilə bu qədər vacib bir oyun ərəfəsində, diqqət çəkib və bəzi iddialara görə, La Liqa sanki “Real Madrid”in işinə qarışmaq istəyirmiş kimi görünüb.
Baş məşqçi Xabi Alonso vəziyyətə münasibət bildirərək bunları deyib:
“Bunlar bizim nəzarətimizdə olmayan şeylərdir. Bu, Liqanın protokollarıdır. Bu gün testlər keçirildi və sonra məşq edə bildik. Bir qədər gecikdi, vəssalam. Bu məsələlərə biz nəzarət etmirik.”
Alonsonun bu vəziyyətdə soyuqqanlı davranışı onun necə mədəni bir məşqçi olduğunu göstərsə də, La Liqa rəhbərliyinin bu cür addımları onun səbir limitini sınağa çəkir. Qeyd edək ki, o, “Real Sosyedad”la oyunda etiraz etdiyi üçün sarı vərəqə ilə cəzalandırılmışdı.
© Copyright 2025, All Rights Reserved