“Real” müdafiəsi “Man Siti” qarşısında aciz vəziyyətdə
“Real Madrid”də müdafiə böhranı: “Mançester Siti” matçı öncəsi kadr çatışmazlığı kritik həddə çatıb.
90plus.az xəbər verir ki, “Real Madrid” Çempionlar Liqasının 6-cı turunda Bernabeuda baş tutacaq “Mançester Siti” qarşılaşması öncəsi ciddi itkilərlə üz-üzə qalıb. Klubun demək olar ki, bütün müdafiə xətti zədə və cəza səbəbindən sıradan çıxıb.
Madrid təmsilçisi bu gün Eder Militaonun durumuna dair rəsmi açıqlama yayıb. Braziliyalı müdafiəçinin sol bud əzələsində yırtıq və proksimal tendon zədəsi aşkarlanıb. Müdafiəçinin 3–4 ay yaşıl meydanlardan uzaq qalacağı təsdiqlənib.
Bu xəbərlə “Real Madrid”in heyət problemi daha da dərinləşib. La Liqanın 16-cı turundakı “Alaves” – “Real Madrid” matçında və eyni zamanda Çempionlar Liqasındakı həlledici oyunda aşağıdakı futbolçular forma geyə bilməyəcək:
Zədəlilər:
• Dani Karvaxal
• Ferlan Mendi
• Eder Militao
• Trent Aleksandr-Arnold
• David Alaba
• Din Höysen (durumu hələ də qeyri-müəyyəndir)
Cəzalılar:
• Fran Qarsiya
• Alvaro Karreras
Oynamağa hazır olanlar:
• Antonio Rüdiger
• Raul Asensio
Məlumata görə, Rüdiger və Asensio istisna olmaqla “Real”ın bütün müdafiə xətti sıradan çıxıb. Üstəlik, hücumçu Endrik də “Selta” ilə matçın final fitindən sonra hakimə etirazına görə qırmızı vərəqə alaraq cəzalı duruma düşüb.
Xabi Alonsonun komandası üçün vəziyyət son dərəcə kritikdir. Müdafiə xəttində geniş rotasiya imkanı qalmayıb və baş məşqçi “Mançester Siti” qarşısında məcburi eksperimentlərə əl atmalı olacaq.
ℹ️ Çempionlar Liqasının 6-cı turundakı "Real Madrid - Mançester Siti" qarşılaşması 10 dekabr gecəyarısı, saat 00:00-da “Santyaqo Bernabeu”da keçiriləcək.
© Copyright 2025, All Rights Reserved