“Roma” pul qazanmasa, qadağalar gələcək. Vaxt azdır!

“Roma” UEFA-nın maliyyə tələblərini yerinə yetirməsə, transfer qadağası ilə üzləşə bilər.
90plus.az xəbər verir ki, “Roma” klubu 2024/25 mövsümünün sonunadək UEFA-nın maliyyə tələblərinə əməl etməzsə, cəzalara məruz qala bilər. İtaliya təmsilçisi 2022-ci ildə UEFA ilə razılıq əldə edərək, maliyyə sabitliyini bərpa etməyə yönəlmiş ciddi öhdəliklərə boyun əymişdi. Bu çərçivədə klub növbəti transfer pəncərələrində müəyyən həcmdə gəlir əldə etməli idi.
Lakin Voetbal International nəşrinin məlumatına görə, “Roma” bu öhdəliyi yerinə yetirmək üçün hələ də 12–13 milyon avro çatışmazlıq yaşayır. Əgər bu məbləğ iyunun 30-dək tamamlanmasa, klub transfer məhdudiyyətləri də daxil olmaqla sanksiyalarla üzləşəcək.
UEFA tərəfindən Avropa Liqasından kənarlaşdırılma daha az ehtimal olunan cəza kimi qiymətləndirilir. Hazırda Leandro Paredesin “Boka Xuniors”a keçidi kluba müəyyən gəlir gətirə bilər, lakin bu hələ də kifayət etmir. Eyni zamanda, müdafiəçi Evan Ndikanın digər klubların maraq dairəsində olması “Roma”ya əlavə maliyyə qazancı təmin edə bilər.
Klubun qarşıdakı günlərdə atacağı addımlar bu məsələdə həlledici olacaq.
© Copyright 2025, All Rights Reserved