"Roma"da Can Pyero Qasperini dövrü rəsmən başladı

İtaliyanın A Seriyasında çıxış edən nəhəng klublardan biri olan "Roma" baş məşqçi dəyişikliyi ilə gündəmə gəlib.
90plus.az xəbər verir ki, klubun rəsmi saytında verilən açıqlamaya görə, komandaya Klaudio Ranyeridən sonra rəhbərlik edəcək şəxs Can Pyero Qasperini olacaq.
"Roma" klubu təcrübəli italiyalı mütəxəssislə 2028-ci ilə qədər – 3 illik müqavilə imzaladığını rəsmən elan edib.
67 yaşlı Qasperini karyerası ərzində daha əvvəl "Krotone", "Cenoa", "İnter" və "Palermo" kimi klublarda çalışıb. O, son olaraq uzun illər rəhbərlik etdiyi "Atalanta" klubunda böyük uğurlar qazanıb. Can Pyero Qasperini 2023-2024 mövsümündə "Atalanta"ya UEFA Avropa Liqasını qazandırmış, 2019 və 2020-ci illərdə isə A Seriyada "ilin baş məşqçisi" seçilmişdi.
Ranyerinin rəhbərliyi altında "Roma" ötən mövsümü A Seriyada 69 xalla 5-ci pillədə tamamlayaraq UEFA Avropa Liqasına vəsiqə qazanmışdı.
© Copyright 2025, All Rights Reserved