Ronaldinyonun həyatı seriyala çəkiləcək
İspaniyanın "Mediakrest Entertainment" və "Pleytaym Muvies" şirkətləri Braziliyanın "Mikser Films" ilə əməkdaşlıq quraraq məşhur futbolçu Ronaldinyonun həyatını əks etdirəcək “Época 10: Ronaldinho” adlı məhdud seriyalı filmi birgə istehsal edəcək.
90plus.az xəbər verir ki, proyekt "Kontent Amerikas" sərgisində maliyyələşdirmə və satış kampaniyasına start verib.
Seriyal keçmiş “Barselona” ulduzu Ronaldinyo və onun qardaşı və meneceri Roberto de Assis ilə aparılan müsahibələrə əsaslanır. Hekayə Braziliyanın Porto Aleqre şəhərindəki başlanğıcdan Paraqvaydakı həbsxanaya qədər uzanan sürətli yüksəlişini və dramatik enişlərini əhatə edir.
Seriyal həmçinin Ronaldinyonun Paris, Barselona və Milan şəhərlərində keçən karyerasını, şəxsi və peşəkar uğurlarını, həmçinin uğursuzluqlarını əks etdirərək onu bir nəsilin ikonuna çevirən yolu nümayiş etdirəcək. Əsas mövzu isə iki qardaş arasındakı münasibətdir.
Mediacrest Entertainment-in CEO-su Kristian Liarte bildirib ki, Ronaldinyo beynəlxalq səviyyədə unikal bir istedada sahibdir və tamaşaçı ilə platformalar arasında güclü əlaqə yarada bilir. Liarte əlavə edib ki, idman insanları dəyişdirmək, komandaları yenidən formalaşdırmaq və hətta bir ölkənin ruhunu dəyişdirmək gücünə malikdir.
Pilot bölümün ssenarisi və seriyal rəhbərliyi tamamlandıqdan sonra, layihə maliyyələşdirmə və beynəlxalq satış mərhələsinə keçib.
© Copyright 2026, All Rights Reserved