Ronyaldoya həmyerlisindən dəstək - Rəhbərliyə şərt qoydu
Səudiyyə Ərəbistanında böyük böhran: Ronaldo ilə bağlı qərar, Jorje Jezuş da hərəkətə keçirdi.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasında gərginlik pik həddə çatıb. Liqa rəhbərliyinin ədalətli rəqabət prinsiplərini pozduğunu iddia edən "Əl-Nəsr" klubunun ulduzu Kriştiano Ronaldo etiraz əlaməti olaraq komandanın heyətində meydana çıxmaqdan və məşqlərdə iştirakdan imtina edib.
Dünya futbolunun superulduzunun bu addımı ölkə futbolunda ciddi rezonans doğurarkən, gözlənilməz dəstək "Əl-Nəsr"in baş məşqçisi Jorje Jezuşdam gəlib. "Ər-Riyadiyyə" nəşrinin məlumatına görə, portuqaliyalı mütəxəssis klub rəhbərliyinin yeni müqavilə təklifinə sərt şərt irəli sürüb.
Jorje Jezuş 2026-cı ili və daha sonrakı dövrü əhatə edəcək müqaviləyə yalnız bir halda imza atacağını bildirib: Kriştiano Ronaldonun komandada saxlanılması və onun liqa ilə bağlı irəli sürdüyü tələblərin ciddi şəkildə nəzərə alınması. Təcrübəli çalışdırıcı həmyerlisinin başlatdığı etirazın arxasında dayandığını açıq şəkildə ifadə edərək, Ronaldonun gələcəyi dəqiqləşmədən heç bir sənədə qol çəkməyəcəyini klub rəsmilərinə çatdırıb.
Hazırda bütün diqqətlər "Əl-Nəsr" rəhbərliyinin atacağı addımlara yönəlib. Əgər klub rəhbərliyi liqa idarəçiliyi ilə Ronaldo arasındakı gərginliyi aradan qaldıra bilməsə, həm Kriştiano Ronaldo, həm də Jorje Jezuşla yolların ayrılması qaçılmaz ola bilər.
Məlumata görə, yaranmış ikitərəfli böhranın həlli üçün Səudiyyə Ərəbistanı dövlətinin yüksək dairələrinin də prosesə müdaxilə etməsi gözlənilir.
© Copyright 2026, All Rights Reserved