Şahruddin: “Qurbanov “Barselona” sisteminin fanatıdır”
Şahruddin Məhəmmədəliyev: “Qurban Qurbanov adı böyük hərflə yazılan insandır”.
90plus.az xəbər verir ki, “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev klubun baş məşqçisi Qurban Qurbanov haqqında maraqlı fikirlər səsləndirib. Qazaxıstan millisinin də sabiq üzvü olan qapıçı rusiyanın championat.com saytına verdiyi müsahibədə təcrübəli mütəxəssisin həm insan, həm də məşqçi kimi keyfiyyətlərini xüsusi vurğulayıb.
Məhəmmədəliyevin sözlərinə görə, “Qarabağ”a gələn hər bir futbolçuda Qurban Qurbanov barədə eyni fikir formalaşır:
“Qarabağ”a gələn hər kəsdə eyni fikir yaranır. Qurbanov haqda hamının düşüncəsi birdir — o, adı böyük hərflə yazılan insandır. Uca Yaradan onun bütün zəhmətini və ədalətini mükafatlandırır”.
Milli komandamızın qapıçısı baş məşqçinin futbol fəlsəfəsinə də toxunub. O bildirib ki, Qurban Qurbanov topa nəzarətə əsaslanan oyun sistemini üstün tutur:
“O, “Barselona” sisteminin fanatıdır: topa nəzarət, onu qorumaq. Son vaxtlar isə fiziki hazırlıq üzərində çox işləyirik ki, Avropa səviyyəsinə uyğun olaq. Orada hər üç gündən bir oynayırlar, biz isə buna uyğunlaşmaq üçün daha da güclü məşq etməliyik”.
Şahruddin Məhəmmədəliyev Qurban Qurbanovun iddialı xarakterini də xüsusi qeyd edib. Onun sözlərinə görə, baş məşqçi heç vaxt əldə olunan nəticələrlə kifayətlənmir:
“O, həqiqətən çox iddialıdır, heç vaxt dayanmır. Mən onu bir dəfə də olsun özündən razı görməmişəm”.
Qapıçı Çempionlar Liqasında “Liverpul”a qarşı keçirilən və 0:6 hesabı ilə bitən oyun sonrası yaşananları da xatırladıb:
“Liverpul”a uduzduğumuz oyundan sonra soyunub-geyinmə otağında çox əsəbi idi, hamını danlayırdı. Sonra dedi: “Yaxşı, biz pley-offdayıq, tarix yazdıq. Sevinin, uşaqlar!” Amma yenə də «Enfild»dəki 0:6 hesablı məğlubiyyəti unuda bilmirdi. Ora sadəcə müdafiə olunmağa yox, qələbə qazanmaq düşüncəsi ilə getmişdik”.