Şahzadənin “Barselona”ya tam sahib olmaq planı: 10 milyard avro…
Səudiyyə Ərəbistanı şahzadəsi “Barselona”nı tam almaq üçün 10 milyard avroluq təklif hazırlayır.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın Avropa futbolunda sensasiyalı addıma hazırlaşdığı iddia olunur. İspaniyalı jurnalist Fransua Qalyardonun məlumatına görə, şahzadə “Barselona”nı tamamilə satın almaq üçün 10 milyard avro dəyərində təklif üzərində işləyir.
Mənbənin bildirdiyinə görə, bu məbləğ “Barselona”nın hazırda mövcud olan təxminən 2,5 milyard avroluq borcunu dərhal bağlamağa imkan verə bilər. Belə bir sərmayə Kataloniya klubunun uzun müddətdir davam edən maliyyə problemlərini köklü şəkildə həll edə bilər.
Hazırda “Barselona”nın bazar dəyəri təxminən 5,6 milyard dollar olaraq qiymətləndirilir. Klub bu göstərici ilə dünyada yalnız “Mançester Yunayted” və “Real Madrid”dən geri qalır.
Bununla belə, mümkün alqı-satqının reallaşması olduqca çətin görünür. Çünki “Barselona” klassik klub modelinə malikdir və sosioslara (klub üzvlərinə) məxsusdur. Klubun tam satışı və ya hətta xarici investorun pay alması belə, mütləq şəkildə üzvlərin səsverməsi ilə təsdiqlənməlidir.
Qeyd: Son dövrlərdə bir sıra media orqanlarında Məhəmməd bin Salmanın “Barselona” ilə bağlı 10 milyard avroluq təklifə hazırlaşdığı barədə xəbərlər tez-tez yer almaqdadır. Lakin hələlik bu məlumatlar rəsmi təsdiqini tapmayıb.
© Copyright 2025, All Rights Reserved