Salahdan etiraf: “Sadio Mane ilə münasibətimizdə gərginlik vardı”

"Liverpul" klubunun ulduzu Mohamed Salah keçmiş komanda yoldaşı Sadio Mane ilə münasibətləri haqqında səmimi açıqlama verib.
90plus.az xəbər verir ki, təcrübəli hücumçu iki futbolçu arasında daim dostluq olmadığını etiraf etsə də, hər zaman qarşılıqlı hörmətin olduğunu bildirib.
Misirli futbolçu belə deyib:
“Bəli, Sadio ilə aramızda müəyyən gərginlik vardı. Amma unutmayın ki, biz hər zaman peşəkar davranırdıq. Bu gərginliyin komandaya mənfi təsir etdiyini düşünmürəm. O, rəqabətçi biridir, daha çoxunu istəmək isə insani bir haldır.”
Salah Mane ilə şəxsi münasibətlərinin çox yaxın olmadığını desə də, futbol baxımından uğurlu bir tandem olduqlarını vurğulayıb.
“İnsanlar nə düşünmək istəyirlərsə, düşünsünlər. Amma xatırlatmaq istəyirəm ki, Maneyə ən çox asist edən oyunçu mən olmuşam. Faktlar bunu göstərir. Sadəcə bu tip fikirlər manşetə çevrilmək üçün daha əlverişlidir. Medianın necə işlədiyini bilirəm.”
Salah və Mane "Liverpul" formasını beş mövsüm ərzində birgə geyiniblər. 2019/20 mövsümündə klub Premyer Liqada çempion olarkən, Salah 19 qol və 10 asist, Mane isə 18 qol və 7 asistlə çıxış etmişdi.
Qeyd: İki futbolçu arasında gərginliyin qismən misir və seneqal milli komandaları arasındakı rəqabətdən qaynaqlandığı da iddia edilirdi.
© Copyright 2025, All Rights Reserved