“Şamaxı - İmişli” matçından məşqçilər danışdılar
Misli Premyer Liqasının 14-cü turunda “Sumqayıt”a 0:1 hesabı ilə uduzan “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya görüşdən sonra matçı dəyərləndirib. O, nəticənin qəbulolunmaz olmadığını, lakin komandasının fürsətləri dəyərləndirə bilmədiyi üçün cəzalandırıldığını bildirib.
90plus.az xəbər verir ki, Kaşkilya oyunun ilk hissəsində rəqibin daha üstün çıxış etdiyini etiraf edib:
“Birinci hissədə “Sumqayıt” bizdən daha yaxşı oynadı. Fasilədən sonra taktiki dəyişikliklər apardıq və bu, oyuna dərhal təsir etdi. İkinci hissədə daha güclü göründük. Bir neçə real qol imkanımız oldu, Juninyonun epizodu xüsusilə qolla nəticələnməyə çox yaxın idi. Amma istifadə edə bilmədik. Futbol belədir: şansları yandırırsansa, səni cəzalandırırlar. Qoldan sonra hesabı bərabərləşdirmək üçün imkanımız var idi.”
Baş məşqçi komandanın legionerlərə olan etibarının tənqid edilməsinə də münasibət bildirib:
“Futbolçular arasında yerli-əcnəbi fərqi qoymuram. Kim yaxşı oynamağa hazırdırsa, meydanda o olacaq. Bu mövsüm artıq üçüncü dəfə penaltini qaçırmağımız problemdir. Məşqlərdə çalışırıq, amma oyunun gərginliyi hər şeyi dəyişir.”
Matçın sonlarında meydana gələn gərginlik barədə isə Kaşkilya belə deyib:
“Həmin an hər iki tərəf özünü pis apardı. Buraya rəqib komandanın işçiləri də daxildir. Futbol emosional oyundur, hər kəs özünü cilovlamağı bacarmalıdır.”
“Sumqayıt”ın baş məşqçisi Şahin Abdullayev də görüşdən sonra fikirlərini bölüşüb. O, qələbəni çətin oyunda qazandıqlarını bildirib:
“Gözlədiyimiz kimi ağır matç oldu. Rəqib güclü idi. Çox qol epizodu yaratmadıq, amma sona yaxın lazım olan qolu vurduq. Bəlkə də, bəxtimiz gətirdi ki, penalti reallaşmadı.”
Penalti epizodunu şərh edən Abdullayev qərarın mübahisəli olduğunu deyib:
“Epizod 50-yə 50 idi. Penaltı demək də olardı, verməmək də. Hakimin çox düşünməsi bizi də tərəddüdə saldı. Amma artıq bu barədə danışmağın mənası yoxdur.”
“İmişli” ilə ilk dövrədəki məğlubiyyətin komandanı bu oyuna daha yüksək motivasiya ilə çıxarıb-çıxarmadığı barədə suala isə belə cavab verib:
“Sırf o məğlubiyyətə görə xüsusi hazırlıq etməmişdik. Biz hər oyun üçün plan qururuq və ona uyğun məşq edirik. “İmişli” əks-hücumlara yaxşı çıxan komandadır, buna hazırlaşmışdıq və bunun bəhrəsini gördük.”