Santuş: "Azərbaycan Avropanın ilk 20-liyinə daxildir"

Azərbaycan millisinin baş məşqçisi: "Haiti üzərində qələbə qazanmaq arzusundayıq"
90plus.az xəbər verir ki, bu fikirləri futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş, Haiti milli komandası ilə keçiriləcək yoxlama oyunu öncəsi təşkil olunan mətbuat konfransında səsləndirib.
"Oyuna çıxacaq futbolçuları artıq müəyyənləşdirmişəm. Təbii ki, heyətin detalları barədə burada danışa bilmərəm. Güclü futbolçulardan ibarət komandaya qarşı oynayacağıq. Son beş-altı görüşlərini izləyərək təhlil aparmışıq və onların oyun tərzinə qarşı hazırlıqlarımızı keçirmişik. Rəqib, əsasən, hücum futboluna üstünlük verir. Haiti topu itirdikdən sonra tez bərpa olunaraq yenidən hücuma keçməyə çalışan komandadır. Məşqlərimiz yüksək səviyyədə keçib. Qarşılaşmadan qalib ayrılmaq istəyirik. Doğrudur, bu oyun bizə xal qazandırmayacaq, lakin komandamız məğlubiyyətə alışmaq niyyətində deyil", – deyə Santuş qeyd edib.
O, həmçinin Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
"Birmənalı şəkildə söyləyə bilərəm ki, Azərbaycan Avropanın ən yaxşı 20 ölkəsindən biridir", – deyə baş məşqçi əlavə edib.
Qeyd: Azərbaycan və Haiti yığmaları arasındakı oyun martın 22-də Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda baş tutacaq və saat 21:45-də start götürəcək.
© Copyright 2025, All Rights Reserved