“Şarlott Hornets”dən Dell Körriyə anlamlı jest: 30 nömrəli forma təqaüdə göndərilir
NBA təmsilçisi “Şarlott Hornets” klub əfsanələrindən biri olan Dell Körrini xüsusi şəkildə təltif etməyə hazırlaşır. Mavi-ağlılar Karrinin uzun illər geyindiyi 30 nömrəli formanı rəsmi olaraq təqaüdə göndərmək qərarı verib.
90plus.az xəbər verir ki, Stefen və Set Körrinin atası olan Dell Körri karyerasını başa vurduğu dövrdə “Şarlott Hornets” tarixində ən çox oyun keçirən, ən çox xal toplayan, ən çox dəqiq atış edən və ən çox üçxallıq səbət vuran basketbolçu statusunu əlində saxlayırdı.
Klubun yaydığı rəsmi açıqlamada bildirilib ki, Dell Körrinin 30 nömrəli forması 19 mart tarixində “Spektrum Senter”də “Orlando Mecik”lə keçiriləcək oyun zamanı təşkil olunacaq xüsusi mərasimlə təqaüdə göndəriləcək.
25 ildən artıq müddətdə “Şarlott Hornets”də basketbolçu, şərhçi və klub səfiri kimi fəaliyyət göstərən Dell Körri klub tarixində forması təqaüdə göndərilən ikinci oyunçu olacaq. Bu addım onun klub, Şarlott şəhəri və basketbol idmanı üçün qoyduğu dərin izi bir daha vurğulayır.
Qeyd edək ki, “Şarlott Hornets” tarixində indiyədək təqaüdə göndərilən yeganə digər forma Bobbi Fillsə məxsusdur. 13 nömrəli forma 9 fevral 2000-ci ildə əbədiləşdirilmişdi.
© Copyright 2026, All Rights Reserved