Seneqallı gənc qapıçı Qanada insan alveri qurbanı oldu

Seneqallı gənc futbolçu qapıçı Çeyx Ture Qana Respublikasında transfer vədi ilə aldadılaraq bir dələduzluq və quldurluq şəbəkəsinin qurbanı oldu.
90plus.az xəbər verir ki, Turenin ailəsindən fidyə tələb edən cinayətkarlar, məbləğ ödənilmədiyi üçün gənc oyunçunu qətlə yetiriblər.
Transfer adıyla aldatdılar, həyatına son verdilər
“Esprit Foot Yeumbeul” klubunun yetirməsi olan və gələcək vəd edən qapıçı peşəkar klublardan birində sınaq təklifi adıyla Qanaya aparılıb. Burada insan alverçiləri tərəfindən qaçırılan Ture üçün ailəsindən fidyə tələb olunub. Rəsmilərin bildirdiyinə görə, tələb olunan məbləğ ödənilmədikdə, o, qətlə yetirilib.
Cəsədi morqa atılıb
Seneqalın Xarici İşlər və Afrika İnteqrasiyası Nazirliyinin yaydığı açıqlamaya əsasən, Turenin cəsədi Qananın Aşanti bölgəsində yerləşən Tafo şəhərindəki “Ebenezer” morqunda aşkarlanıb. Bu barədə Seneqalın Akradakı konsulluq xidmətləri məlumat verib.
Hadisə dövlət səviyyəsində araşdırılır
Seneqal hökuməti bu faciəni ciddi şəkildə nəzarətə götürüb. Qana hökumətindən hadisənin bütün detalları ilə araşdırılması tələb olunub. Seneqalın Akradakı səfirliyindən iki rəsmi nümayəndənin bölgəyə göndərildiyi və cenazənin ölkəyə geri qaytarılması üçün zəruri hüquqi və inzibati prosedurların başladıldığı bildirilib.
Rəsmi açıqlama: “İşimizə prioritet verilib”
Seneqal Xarici İşlər Nazirliyinin açıqlamasında bu hadisənin prioritet məsələ olduğu vurğulanıb və cinayətkarların ədalət qarşısına çıxarılması üçün beynəlxalq əməkdaşlığın davam etdiyi bildirilib.
© Copyright 2025, All Rights Reserved