Serxio Ramos və “Man Yunayted”: 2 cür xəbər var
“Mançester Yunayted” Serxio Ramosa təklif göndərib? İddialar ziddiyyətlidir.
90plus.az xəbər verir ki, azad agent statusunda olan Serxio Ramosun 2026-cı ilin əvvəlində “Mançester Yunayted”ə keçə biləcəyi barədə xəbərlər İspaniyada böyük səs-küy yaradıb. “Cadena SER” radiosu iddia edir ki, Premyer Liqa nəhəngi 39 yaşlı müdafiəçiyə rəsmi təklif irəli sürüb və hazırda onun xidmətində maraqlı olan əsas klub məhz “Yunayted”dir. Lakin razılaşmanın əldə olunacağı hələ ki, dəqiq deyil.
İspaniya millisinin sabiq kapitanı Meksika təmsilçisi “Monterrey”dən ayrıldıqdan sonra karyerasının davamı sual altında qalıb. Ramos 2023-cü ildə “Real Madrid” və PSJ-dəki uzun illərdən sonra yenidən “Sevilya”ya dönmüş, bir mövsümün ardından Meksikaya keçmişdi. “Monterrey”lə 2025 mövsümündə, o cümlədən Klubların Dünya Çempionatında çıxış edən futbolçu bu ay müqaviləsini yeniləmədiyi üçün komandadan ayrılıb.
Bununla belə, ESPN-in məlumatına görə, “Mançester Yunayted” hazırda transfer strategiyasını gənc futbolçular üzərində qurub və Ramosla bağlı heç bir danışıqlar aparmayıb. Bu səbəbdən yayılan xəbərlərin nə dərəcədə doğru olduğu şübhə altındadır.
Ramos özü isə illər əvvəl Premyer Liqaya keçməyə yaxın olduğunu etiraf etmişdi:
“Mən qalmalı olduğum yerdə qaldım – ‘Real Madrid’də. Amma ‘Mançester Yunayted’ə çox yaxın idim,” – o, 2023-cü ildə demişdi. “Keçid baş tutmadı, amma kluba və Premyer Liqaya böyük hörmətim var.”
Hazırda Serxio Ramosun karyerasını davam etdirib-etdirməyəcəyi dəqiq bilinmir. Əgər yoluna davam etmək qərarı versə, növbəti dayanacağının hansı klub olacağı hələlik naməlumdur.
© Copyright 2025, All Rights Reserved