Əşrəf Hakimini həbs gözləyir

Fransanın “Le Parisien” nəşrinin məlumatına görə, “Paris Sen-Jermen”in müdafiəçisi Əşrəf Hakimi barəsində təcavüz ittihamı ilə bağlı rəsmi məhkəmə prosesi başlaya bilər. Nanter Prokurorluğu bu istiqamətdə məhkəməyə vəsatət təqdim edib.
90plus.az xəbər verir ki, iddia edilən hadisə 2023-cü ilin fevralında baş verib. 24 yaşlı qadın Hakimi ilə “Instagram” vasitəsilə tanış olduqdan sonra onun evinə gedib. Daha sonra həmin qadın Hakimini zorlamada ittiham edib. 2023-cü ilin dekabrında baş tutan üzləşmədə zərərçəkmiş şəxs ilkin ifadəsini bir daha təsdiqləyib.
Hakimi isə bu iddiaları qəti şəkildə rədd edib və baş verənləri onu şantaj edərək pul almaq cəhdi kimi qiymətləndirib. “Paris Sen-Jermen” klubu da məsələ ilə bağlı açıqlama yayaraq futbolçunu dəstəklədiyini və məhkəmə prosesinə inandığını bildirib.
Hakimi artıq məhkəmə nəzarətinə alınıb və zərərçəkmiş şəxslə əlaqə qurması qadağan olunub. Prokurorluğun rəsmi ittiham üçün təqdim etdiyi vəsatət qəbul olunarsa, iş üzrə cinayət məhkəməsi başlaya bilər. İttiham irəli sürülməsi və ya rədd olunması ilə bağlı son qərarı isə istintaq hakimi verəcək.
Zərərçəkmişin vəkili bu qərarı “ədalət yolunda ciddi addım” kimi qiymətləndirib.
Qeyd: Əşrəf Hakimi hazırda istirahətdədir və sabiq komanda yoldaşı, “Real Madrid”in ulduzu Kilian Mbappe ilə birgə görüntülənib.
© Copyright 2025, All Rights Reserved