“Sumqayıt”ın məşqçisi: “Oyunu dəyişə bildik”
Şahin Abdullayev: “Oyunun gedişatını plan üzrə dəyişə bildik”.
90plus.az xəbər verir ki, Misli Premyer Liqasının 15-ci turunda “Sumqayıt”ın “Neftçi” ilə 2:2 hesablı heç-heçəsi sonrası komandanın məşqçisi Şahin Abdullayev qarşılaşmanı dəyərləndirib.
Mütəxəssis bildirib ki, matça xüsusi planla çıxıblar və “Neftçi”nin ikinci hissənin ortalarından sonra fiziki eniş yaşayacağını gözləyiblər:
“Düşünürdük ki, rəqib 60–65-ci dəqiqələrdən sonra tempini itirəcək. Buna görə də bəzi futbolçuları, o cümlədən Aleksandr Ramalinqonu əvvəlcədən ehtiyatda saxlamağı planlaşdırmışdıq. Bu qərar oyunun gedişində özünü doğrultdu”.
Abdullayev Nadir Orucovun start heyətində yer almamasının səbəbinə də toxunub. Onun sözlərinə görə, gənc futbolçunu təcrübəsizliyinə görə ilk dəqiqələrdən meydana buraxmaq riskli idi, lakin sonradan oyuna daxil olan Nadir ən fəal oyunçulardan biri olub.
“Sumqayıt”ın texniki zonasında son turlarda yaşanan gərginliklə bağlı isə məşqçi vəziyyətin şişirdildiyini deyib:
“Bunu aqressiya kimi təqdim etmək düzgün deyil. Ötən oyunda köməkçi məşqçimiz qırmızı vərəqə alanda belə aqressiv davranış yox idi. Bu gün də yalnız oyun epizodunda İqor Ribeyro ilə Ramalinqo arasında mübahisə oldu. Ehtiyat skamyasında isə tam sakitlik idi. Oyundan əvvəl komandaya da xüsusi olaraq sakit qalmağı tapşırmışdıq”.
O, fasilədə baş məşqçi Saşa İliçin verdiyi göstərişlərə də aydınlıq gətirib:
“Birinci hissədə top itkilərimiz çox idi. Müdafiəçilər tez-tez uzun ötürmələrə üstünlük verirdilər ki, bu da bizim oyun üslubumuza uyğun deyil. Fasilədə tapşırıq verildi ki, topa daha çox nəzarət edək və oyunu sakitləşdirək. Düzdür, ikinci hissənin əvvəlində bunu tam bacarmadıq. Amma Ninkoviç oyuna daxil olandan sonra vəziyyət dəyişdi. O, tempə nəzarət edir və məhz bundan sonra oyunu əlimizə ala bildik”.
Şahin Abdullayev qapıçı seçimi ilə bağlı qərarlarını da izah edib. Onun sözlərinə görə, Mehdi Cənnətov ötən turdan sonra boyun ağrıları səbəbindən özü oynamaq istəməyib və bu səbəbdən Xəyalə şans verilib:
“Komandada bir neçə qapıçı var və hər biri oynamaq imkanını qazana bilər. Xəyal əvvəlki matçda özünü yaxşı tərəfdən göstərmişdi. Qapıçılar üzrə məşqçi ilə məsləhətləşdikdən sonra ona güvəndik”.