Sxadadze: Avropada belə çətin durumdakı baş məşqçiyə dəstək olurlar"
“Qəbələ” Misli Premyer Liqasının 24-cü turunda doğma meydanda “Neftçi” ilə qarşılaşıb. Görüş qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Matçdan sonra Qəbələnin baş məşqçisi Kaxaber Sxadadze oyunu dəyərləndirib.
90plus.az xəbər verir ki, matçdan sonra komandanın baş məşqçisi Kaxaber Sxadadze oyunu belə şərh edib:
“Fikrimcə, meydanda kifayət qədər bərabər mübarizə getdi. Matça çox yaxşı başlamışdıq, lakin təəssüf ki, qapımızda çox sadə qollar gördük. Bu səviyyədə, xüsusilə də ‘Neftçi’ kimi təcrübəli komandalara qarşı belə fərdi səhvlərə yol vermək olmaz”.
Mütəxəssis komandanın hazırkı durumuna da toxunub və əsas problemin psixoloji məqamlarla bağlı olduğunu bildirib:
“Hazırda bizim üçün ən vacib məqam psixologiya üzərində işləməkdir. Görünən odur ki, futbolçularda psixoloji baxımdan ciddi sıxıntı var. Fiziki hazırlıq cəhətdən isə hər hansı bir problemimizin olduğunu düşünmürəm”.
Gürcü mütəxəssis tribunadan gələn istefa şüarlarına sərt reaksiya verib:
"Müəyyən müddətdir burada çalışıram, lakin bəzi azarkeşlərin məni istefaya səsləməsini anlamaqda çətinlik çəkirəm. Avropada belə çətin vəziyyətlərdə komandaya və baş məşqçiyə sona qədər dəstək nümayiş etdirirlər. Tribunadan istefa qışqıranlar isə əsasən 13-14 yaşlı uşaqlardır".
© Copyright 2026, All Rights Reserved