Teleaparıcı Okan Buruk iddiasına görə işdən qovuldu
Teleaparıcı Sevilay Yılman Okan Burukla bağlı iddiaya görə Show TV-dən uzaqlaşdırıldı – Okan Buruk iddiası təkzib olundu!
90plus.az xəbər verir ki, jurnalist Sevilay Yılmanın “Qalatasaray”ın baş məşqçisi Okan Burukun narkotik istintaqı çərçivəsində ifadəyə çağırılacağı ilə bağlı səsləndirdiyi iddia təkzib edilib. Bundan sonra Yılmanın Show TV-dəki işinə son verildiyi bildirilir.
Məsələ İstanbul Cumhuriyyət Baş Prokurorluğunun apardığı genişmiqyaslı narkotik araşdırması fonunda gündəmə gəlib. Sevilay Yılman canlı yayımda “əhəmiyyətli bir klubun baş məşqçisinin də ifadəyə çağırılacağını” deyərək konkret olaraq Okan Burukun adını çəkmişdi.
Lakin İstanbul Cumhuriyyət Baş Prokurorluğu mənbələri bu məlumatı rəsmi şəkildə yalanlayıb. Sözcü nəşrinin yaydığı xəbərə görə, iddianın əsassız olması səbəbindən Sevilay Yılmanla Show TV arasında əməkdaşlığa xitam verilib.
Araşdırma nələri əhatə edir?
Dekabrın 18-də İstanbul Jandarma Komandanlığı tərəfindən aparılan əməliyyatlar zamanı bir sıra tanınmış şəxslər barəsində araşdırma aparılıb. Aleyna Tilki, İrem Sak, Danla Bilic və Mümmine Senna Yıldız gözaltına alınıb, tibbi yoxlamalardan sonra sərbəst buraxılıblar. Aktrisa Melisa Döngelin də ifadə verdikdən sonra azad edildiyi bildirilib.
İstintaq çərçivəsində Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinli haqqında isə ölkə xaricində olmaları səbəbindən axtarış qərarı çıxarılıb.
Sadettin Saran ifadə verdi
"Fənərbağça" klubunun prezidenti Sadettin Saran da istintaq çərçivəsində ifadə verib. O, məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Həbslər var
Araşdırma zamanı bir neçə şəxs barəsində həbs qərarı çıxarılıb. Eser Küçükerol, İsmail Ahmet Akçay, Yiğit Macit, Mehmet Ali Gül, Mehmet Güçlü və Cihan Şensözlü həbs edilərək cəzaçəkmə müəssisəsinə göndəriliblər.
Beləliklə, Okan Burukla bağlı səsləndirilən iddiaların əsassız olduğu rəsmən təsdiqlənib, bu iddianı irəli sürən Sevilay Yılmanın isə televiziya kanalındakı fəaliyyəti dayandırılıb.