Teo Ernandesin “Milan”dan gedişinin pərdəarxası məqamları
Teo Ernandes “Milan”dan ayrılığını məcburi adlandırdı: “Bu şəkildə davranılmağa layiq deyildim”.
90plus.az xəbər verir ki, “Al Hilal”a transfer olunan Teo Ernandes “Milan”dan ayrılığı ilə bağlı diqqətçəkən açıqlamalar verib. Fransalı müdafiəçi La Gazzetta dello Sport nəşrinə müsahibəsində İtaliya klubundan gedişinin məcburi olduğunu bildirib və müəyyən şəxslər klubda qaldığı müddətdə geri dönüş ehtimalını istisna edib.
Altı il “Milan”ın formasını geyinən Teo Ernandes yay transfer pəncərəsində Səudiyyə Ərəbistanı klubuna keçib. O, ayrılıq prosesində yaşananlardan narazı olduğunu gizlətməyib:
“Mən daha yaxşı münasibətə layiq idim. Bunu gözləmirdim. Bəzi komanda yoldaşlarım qalmağımı istəyirdi. Amma klub rəhbərlərindən biri səni çağırıb deyirsə ki, ‘Qalsan, səni komandadan kənarlaşdıracağam’, bu halda nə edə bilərəm? Məcbur qalıb başqa variant axtardım. Mənim prioritetim qalmaq idi.”
“Müəyyən insanlar qaldıqca geri dönməyəcəyəm”
“Milan”a mümkün qayıdışla bağlı suala Teo Ernandesin cavabı isə qəti olub:
“Müəyyən insanlar klubda qaldığı müddətdə geri dönməyəcəyəm.”
Fransalı futbolçu həmçinin klubun hazırkı idarəetməsində “milanismo”nun – yəni klub ruhunun çatışmadığını bildirib və bu vəziyyətin onun narazılığını daha da artırdığını vurğulayıb.
Mayk Menyan məsələsi
Teo Ernandes Fransa millisində komanda yoldaşı olan, müqaviləsi iyunda başa çatacaq Mayk Menyanla bağlı da danışıb:
“Onun vəziyyəti mənimkisinə bənzəyir və bu proses yaxşı bitmədi.”
“Milan” isə Teo Ernandeslə yolları ayırmaq istəməsinin səbəblərini belə izah edib:
İtaliya mətbuatının, xüsusilə Gazzetta_itin məlumatına görə, klubun Teo Ernandeslə ayrılıq qərarına gəlməsinin əsas səbəbləri bunlardır:
🔸 Gecə həyatı vərdişləri
🔸 Çempionlar Liqasında komandaya baha başa gələn qırmızı vərəqə alması
🔸 Əvvəlki mövsümlərlə müqayisədə xeyli zəif performans
🔸 Məşqlərdə kapitana yaraşmayan davranışlar
🔸 Müqavilənin uzadılması üçün həddindən artıq maliyyə tələbləri
Teo Ernandesin bu açıqlamaları “Milan” daxilindəki gərginliyin pərdəarxası tərəflərini bir daha gündəmə gətirib.