Tiaqo Silva Avropaya qayıdır
Tiaqo Silva “Fluminense”dən ayrılmaq qərarına gəlib.
90plus.az xəbər verir ki, Braziliyanın “Fluminense” klubunda çıxış edən təcrübəli mərkəz müdafiəçisi Tiaqo Silva karyerasında yeni mərhələyə başlamaq üçün komandadan ayrılmaq qərarı verib.
Məşhur insayder Fabrisio Romanonun məlumatına görə, 41 yaşlı futbolçu 2026 Dünya Çempionatını əsas hədəf kimi görür və bu məqsədlə Braziliyadan ayrılmağı planlaşdırır. Bildirilir ki, Tiaqo Silva yanvar ayından etibarən azad agent statusunda olacaq. Onun əsas prioriteti isə Avropaya qayıdışdır.
Braziliya mətbuatının (GE) yazdığına görə, müdafiəçi artıq “Fluminense”dəki komanda yoldaşları ilə vidalaşıb. Bu addım Premyer Liqa klublarını hərəkətə keçirib. Futbolçunun ailəsinin hələ də Londonda yaşaması qərarında mühüm rol oynayıb. Silvanın övladları “Çelsi”nin akademiyasında çıxış edir və bu səbəbdən ailəsindən uzaqda qalmaq ona çətinlik yaradıb.
Qeyd: Tiaqo Silva 2020–2024-cü illərdə “Çelsi”nin formasını geyinib və London klubunda 100-dən çox oyun keçirib. O, 2023/24 mövsümünün sonunda Braziliyaya qayıdaraq “Fluminense”yə transfer olunmuşdu.
Məlumata görə, futbolçunun müqaviləsi 2026-cı ilin ortalarına qədər qüvvədə olsa da, tərəflər erkən ayrılıq variantını nəzərdən keçirir. Silva karyerasını doğma klubunda başa vurmaq istədiyini desə də, Dünya Çempionatında oynamaq arzusu onun futbolu hələ bitirməyəcəyini göstərir.
© Copyright 2025, All Rights Reserved