"Tottenhem"in əsas namizədi Xavi oldu
İngiltərə Premyer Liqasında çətin günlər yaşayan "Tottenhem" baş məşqçi dəyişikliyinə gedib. London təmsilçisi Tomas Frenk ilə yollarını ayırdıqdan sonra komandanı böhrandan çıxara biləcək yeni namizədini müəyyənləşdirib.
90plus.az xəbər verir ki, 2025/26 mövsümü "Tottenhem" üçün əsl kabusa çevrilib. Premyer Liqada geridə qalan 26 tur ərzində cəmi 29 xal toplayan komanda, təhlükəli zonadan cəmi 5 xal uzaqdadır. Nəticələrin qənaətbəxş olmaması rəhbərliyi ciddi qərar verməyə vadar edib və Tomas Frenk ilə əməkdaşlığa son qoyulub.
İspaniyanın “Fichajes” nəşrinin yaydığı məlumata görə, "Tottenhem"in əsas namizədi "Barselona"nın sabiq baş məşqçisi Xavi Ernandesdir. Kataloniya klubundan ayrıldıqdan sonra istirahətdə olan mütəxəssis London təmsilçisinin prioritet hədəfi hesab olunur.
Klub rəhbərliyi Xavini sadəcə mövsümün qalan hissəsi üçün “xilasedici” variant kimi deyil, uzunmüddətli layihənin əsas memarı kimi görür. İddialara görə, "Tottenhem" ispan mütəxəssisin rəhbərliyi altında klubun oyun fəlsəfəsini və strukturunu yenidən qurmağı planlaşdırır.
Hazırda tərəflər arasında danışıqların mümkünlüyü müzakirə olunur və yaxın günlərdə məsələyə aydınlıq gələcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved