Türkiyə millisinin tarixi matçı fransıza tapşırıldı
2026 FIFA Dünya Çempionatının Avropa zonası üzrə pley-off mərhələsində keçiriləcək Türkiyə – Rumıniya matçının hakimi müəyyənləşib.
90plus.az xəbər verir ki, yarımfinal mərhələsinə təsadüf edən bu qarşılaşmanı fransalı referi Fransua Leteksye idarə edəcək.
Fransua Leteksye bu mövsüm "Benfika" – "Real Madrid" oyununda da baş hakim olub. Həmin görüşdə futbolçu Gianluka Prestianninin Vinisius Juniora qarşı irqçi ifadələr işlətdiyi iddiaları gündəmə gəlmişdi.
Fransalı hakimin Türkiyə klublarının oyunlarında da təcrübəsi var. O, 9 mart 2023-cü ildə keçirilən "Sevilya" – "Fənərbağça" (2:0) və 7 dekabr 2021-ci ildə baş tutan "Borussiya Dortmund" – "Beşiktaş" (5:0) qarşılaşmalarını idarə edib.
Dünya çempionatına vəsiqə baxımından böyük önəm daşıyan Türkiyə – Rumıniya oyunu 26 mart tarixində, saat 20:00-da keçiriləcək.
© Copyright 2026, All Rights Reserved