UEFA alman azarkeşlərə Bakıya gəlməmək cəzası verdi
UEFA Almaniya klublarına sərt cəza verdi! Bakıya - "Qarabağ"la oyuna gələ bilməyəcəklər.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasında baş verən xoşagəlməz hadisələr Almaniya klubları üçün ciddi sanksiyalarla nəticələnib. “Bild” nəşrinin yazdığına görə, “Ayntraxt” – “Barselona” oyunundakı azarkeş davranışı təşkilatın sərt reaksiyasına səbəb olub. Qonaq sektorunda pirotexnika, əşyaların atılması və işıq raketlərinin buraxılması UEFA-nın diqqətindən yayınmayıb.
“Ayntraxt”a iki səfər oyunu qadağası
Nəticədə “Ayntraxt”a növbəti iki Avropa səfər oyununda azarkeş qadağası tətbiq olunub. Bu o deməkdir ki, yanvarın 21-də Çempionlar Liqasında Bakıda “Qarabağ”la keçiriləcək matçda Frankfurt azarkeşləri stadionda olmayacaq. Əgər komanda növbəti mərhələyə çıxsa, sonrakı səfər matçı da eyni qayda ilə keçiriləcək.
Cərimələr və maddi zərərlər
Pirotexnika istifadəsinə görə “Ayntraxt” 30 min avro, “Kamp Nou”dakı zərərlərə görə isə əlavə 8 min avro cərimələnib. Klub 30 gün ərzində ziyanı aradan qaldırmaq üçün “Barselona” rəhbərliyi ilə əlaqə saxlamalıdır. Qeyd: Frankfurt daha əvvəl “Roma” ilə oyunda oxşar hadisələrə görə şərti cəza altında idi.
Həmçinin oxu: https://90plus.az/barsa-ayntaxtdan-6100-avro-tlb-edir/xeber
Azarkeşlər və narazılıq
İdarə heyətinin üzvü Filip Reşke bildirib ki, UEFA qərarın əsaslandırılmasını təqdim etməlidir və ikinci səfər oyunu ilə bağlı qadağaya etiraz etmək hüququnu saxlayırlar. Lakin əvvəlki şərti cəzalar və UEFA-dakı zəngin “cərimə dosyesi” fonunda azarkeşlərin matça buraxılmaması qərarının dəyişməsi çətin görünür. “Bild” yazır ki, minlərlə normal azarkeş zərbə altında qalıb; Bakıya səfər üçün biletləri alan təxminən 3000 fanat stadiondan kənarda qalacaq.
“Bayern Münhen”ə da cəza
UEFA Bavariya klubuna da sanksiya tətbiq edib. Münhen klubu “Sportinq”lə oyunda azarkeşlərin pirotexnika istifadəsinə görə növbəti ev matçında tribunaların bir hissəsi bağlanacaq. Yanvarın 21-də “Union Sen-Jillua” ilə görüşdə 111–114-cü sektorlar – “Südkurve”nin arxa alt tribunası boş qalacaq. Münhenlilər daha əvvəl mart ayında oxşar səbəbdən şərti cəza almışdı.