UEFA-dan Dieqo Simeoneyə "gözdağı"

90plus.az xəbər verir ki, UEFA “Atletiko Madrid” klubunun baş məşqçisi Dieqo Simeoneyə qarşı intizam araşdırmasına başlayıb. Bu qərar komandasının “Liverpul”a qarşı səfərdə 2:3 hesabı ilə uduzduğu qarşılaşmada Simeonenin qırmızı vərəqə almasına görə verilib.
Argentinalı mütəxəssis oyunun əlavə dəqiqələrində texniki zona yaxınlığında azarkeşlərlə yaşadığı insidentə görə “idman ruhuna uyğun olmayan davranış” səbəbindən meydandan qovulub. Hadisəyə təhlükəsizlik işçiləri müdaxilə edib.
Simeone sonradan verdiyi açıqlamada reaksiyasının yanlış olduğunu etiraf etsə də, oyun boyu təhqirlərə məruz qaldığını bildirib.
“Atletiko Madrid” rəhbərliyi baş məşqçinin bir oyunluq texniki zonadan uzaqlaşdırılacağını və eyni zamanda cərimə oluna biləcəyini gözləyir. Bundan əlavə, UEFA Simeonenin məşqçi heyətindən bir nəfərin azarkeşə tüpürməsi ilə bağlı iddiaları da araşdırır.
Digər tərəfdən, “Liverpul” klubu da azarkeşlərinin oyun zamanı meydana əşyalar atmasına görə ittiham olunub.
Hər iki iş UEFA-nın İntizam Komitəsi tərəfindən yaxın günlərdə araşdırılacaq.
© Copyright 2025, All Rights Reserved