UEFA “Tottenhem”ə "Nasist salamı"na görə cərimə tətbiq etdi
UEFA Çempionlar Liqasında Almaniya təmsilçisi “Ayntraxt Frankfurt”la keçirilən oyunda azarkeşlərin davranışına görə İngiltərə klubu “Tottenhem”ə pul cəzası verib.
90plus.az xəbər verir ki, UEFA-nın yaydığı açıqlamaya əsasən, azarkeşlərin “irqçi və ayrı-seçkilik xarakterli” hərəkətlərinə görə “Tottenhem” 30 min avro məbləğində cərimələnib. Bundan əlavə, meydançaya kənar əşyaların atılmasına görə kluba 2 min 250 avro əlavə cərimə kəsilib.
Qurum həmçinin “Tottenhem” azarkeşlərinə səfər oyunlarından birinə bilet satışına qadağa qoyulduğunu, lakin bu qərarın bir il müddətinə şərti olaraq dayandırıldığını bildirib.
Çempionlar Liqasının 8-ci turunda “Tottenhem” səfərdə “Ayntraxt Frankfurt”u 2:0 hesabı ilə məğlub etmişdi. Həmin görüş zamanı bəzi ingilis azarkeşlər alman tərəfdarlara qarşı “nasist salamı” jesti etmişdi.
İngiltərə klubu isə açıqlamasında irqçi hərəkətlərə yol verən üç nəfərin müddətsiz olaraq stadionlara girişinin qadağan edildiyini bəyan edib.
© Copyright 2026, All Rights Reserved