Uilfrid Ndididən alqışalayiq addım: “Komandanın bonuslarını özüm ödəyəcəm”
Ndidi Nigeriya millisindəki maliyyə qalmaqalından: “Bonusları özüm ödəyəcəyəm”.
90plus.az xəbər verir ki, Afrika Millətlər Kuboku 2025-in dörddəbir final mərhələsi ərəfəsində Nigeriya millisində ciddi maliyyə böhranı yaşanır. Komandanın aparıcı futbolçularından biri olan Uilfred Ndidi yaranmış vəziyyətlə bağlı açıqlama verib və məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu bildirib.
Nigeriya mətbuatına danışan Ndidi futbolçularla federasiya arasında qələbə bonuslarına görə mübahisə olduğunu təsdiqləyib:
“Mən komandaya məşqləri davam etdirməyi və Əlcəzairlə oyuna çıxmağı təlqin edirəm. Bunu ikinci oyundan bəri edirəm.
Artıq məşqçi heyətinə və futbolçulara söz vermişəm ki, əgər səlahiyyətli qurumlar oyun gününə qədər bonusları ödəməsə, mükafatları şəxsən özüm verəcəyəm.”
Problemin kökü nədədir?
Bir sıra Afrika və Nigeriya KİV-lərinin yaydığı məlumata görə, Nigeriya millisinin futbolçuları turnirin əvvəlki mərhələlərində qazandıqları qələbələrə görə nəzərdə tutulan bonusları hələ də almayıblar.
Bildirilir ki, Nigeriya Futbol Federasiyası (NFF) hələlik bu qarşılaşmalar üçün nəzərdə tutulan maliyyə ödənişlərini həyata keçirməyib. Bu səbəbdən futbolçular və məşqçi heyəti məşqləri boykot etmək, hətta komandanın dörddəbir final oyunu üçün Marakeşə səfərini təxirə salmaq ehtimalını gündəmə gətiriblər.
Dörddəbir final təhlükə altındadır
Nigeriya millisi hazırda bütün diqqətini Afrika Millətlər Kuboku 2025-in dörddəbir final mərhələsində Əlcəzairə qarşı keçirəcəyi oyuna yönəltsə də, maliyyə məsələsi yaxın vaxtlarda həll olunmasa, komandanın məşqə çıxmamaq və oyuna getməmək riski qalır.
Uilfred Ndidinin şəxsi təşəbbüsü isə hazırda komandada gərginliyin bir qədər azalmasına səbəb olub.
© Copyright 2026, All Rights Reserved