Vernidub: "Haqqımda yazılanlar məni maraqlandırmır"
“Neftçi” Misli Premyer Liqasının 24-cü turunda səfərdə “Qəbələ”nin qonağı olub. Qarşılaşma paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub mətbuat konfransında fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, Vernidub ilk növbədə komandanı dəstəkləyən azarkeşlərə təşəkkür edib və maraqlı oyun izlədiklərini bildirib:
“Bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Kifayət qədər maraqlı və gərgin oyun oldu. ‘Qəbələ’ məğlub olsa da, onların oynadığı futbol mənim xoşuma gəlir. Komandanın oyun üslubu rəğbət doğurur”.
Ukraynalı mütəxəssis hakimliyin səviyyəsi barədə də danışıb və ümumi idarəçiliyin yaxşı olduğunu vurğulayıb:
“Hakimlik barədə onu deyə bilərəm ki, əgər idarəçilik bu səviyyədə davam etsə, hər şey yaxşı olacaq”.
Vernidub Qəbələdə yaradılan futbol infrastrukturunu da yüksək qiymətləndirib:
“Qəbələdə həqiqətən möhtəşəm futbol mərkəzi və çox yaxşı stadion var. Məşqlər üçün yaradılan şərait və meydançalar yüksək səviyyədədir”.
Baş məşqçi avrokuboklara vəsiqə uğrunda mübarizədən də söz açıb. O bildirib ki, mövsümün sonuna qədər komandası məqsədinə çatmaq üçün mübarizə aparacaq:
“Avrokuboklara gedə bilməməyimiz faciə sayılmamalıdır. Amma təbii ki, bu bizim üçün xoş hal olmaz.
Hazırda vəsiqə uğrunda bir neçə komanda mübarizə aparır. Çempionatın sonuna 10 tur qalır və hər şey öz əlimizdədir”.
Yuri Vernidub həmçinin ötən tur “Turan Tovuz”la oyundan sonra Kurban Berdıyevlə görüşməsinin Ukrayna mediasında tənqid olunmasına da münasibət bildirib:
“Haqqımda yazılanlar məni maraqlandırmır. Mən Berdıyevin neçə pasportu olduğunu bilmirəm, bildiyim qədərilə o, türkməndir. Sosial şəbəkələrdə nələrin paylaşıldığından da xəbərim yoxdur. Müharibənin ilk günündə hansı mövqedə idimsə, indi də həmin mövqedəyəm. Yazanlar isə son dörd ildə nə etdiklərini desinlər. Mənim 60 yaşım var və hazırda futboldayam, öz işimi görürəm”.