Verstappendən ŞOK SÖZLƏR: "Artıq həzz almıram"
"Red Bull" pilotu Maks Verstappen Yaponiya Qran-prisindən sonra gələcəyi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
90plus.az xəbər verir ki, Suzuka trasında yarışı 8-ci pillədə başa vuran 28 yaşlı hollandiyalı sürücü mövsümün sonunda hətta karyerasını bitirməyi belə düşünə biləcəyini bildirib. O, yeni mövsümdən tətbiq olunan mühərrik qaydalarından narazı olduğunu gizlətməyib.
BBC Sport-a danışan Verstappen Formula 1-dən aldığı zövqün ciddi şəkildə azaldığını vurğulayıb:
“Padokda baş verən hər şeyi dəyərləndirirəm. Mövsümün sonu üçün hələ dəqiq qərar verməmişəm, amma bütün variantları düşünürəm.”
Dördqat dünya çempionu performans düşüşünün onu narahat etmədiyini də xüsusi qeyd edib:
“Aşağı sıralarda yer almağı qəbul edə bilərəm. Mən əvvəllər də həmişə qalib olmamışam. Problem rəqabət deyil, yarışın mahiyyətinin dəyişməsidir.”
Verstappen yeni texniki qaydalarla artan enerji idarəetməsinə də toxunub:
“Avtomobillər daim batareya doldurmağa məcburdur. Bu isə sürüşü demək olar ki, ‘sürüşə zidd’ hala gətirir və zövqü azaldır.”
Təcrübəli pilot artıq pul qazanmağın onun üçün motivasiya olmadığını da açıq şəkildə bildirib:
“Bu idman mənim üçün hər zaman ehtiras olub, amma indi eyni hissləri yaşamıram.”
Komandası ilə işləməkdən hələ də zövq aldığını deyən Verstappen, əsas problemin sükan arxasında hisslərinin dəyişməsi olduğunu vurğulayıb. O, hər gün özünü motivasiya etməyə çalışdığını, lakin bunun getdikcə çətinləşdiyini qeyd edib.
Sonda Formula 1 rəhbərliyinə də mesaj göndərən hollandiyalı sürücü qaydalarda ediləcək dəyişikliklərin qərarına təsir edə biləcəyini bildirib. Onun bu sözləri Formula 1 dünyasında yeni müzakirələrə səbəb olub.
© Copyright 2026, All Rights Reserved