“Vest Hem”in baş məşqçisi Nuno Espírito Santo komandanın yeni transferi Adama Traoré ilə bağlı maraqlı açıqlama verib. Portuqaliyalı mütəxəssis futbolçuya məşqlər zamanı ağırlıq qaldırmağı qadağan etdiyini bildirib.
90plus.az xəbər verir ki, 30 yaşlı cinah oyunçusu yanvar transfer dönəmində “Fulhem”dən “Vest Hem”ə daimi əsasda transfer olunub. Traore daha əvvəl 2018–2021-ci illərdə “Vulverhempton”da da Nuno ilə birlikdə çalışmışdı.
Nuno Espirito Santo futbolçunun qeyri-adi fiziki quruluşuna diqqət çəkərək bildirib:
“Bu inanılmaz əzələlər genetikdir. Ona idman zalından uzaq durmağı tapşırdım. Onsuz da kifayət qədər güc daşıyır. Profilaktik məşqlər edəcək, amma ağırlıq qaldırmayacaq.”
Baş məşqçi müqayisə üçün U-21 komandasında çıxış edən gənc müdafiəçi Airidas Golambeckis barədə də danışıb və onun əksinə daha çox əzələ kütləsinə ehtiyacı olduğunu vurğulayıb.
Nuno Traorenin unikal keyfiyyətlərə malik olduğunu bildirib:
“Onun sürəti və birəbir mübarizələrdə bacarığı dünya futbolunda nadirdir. Bu potensialdan maksimum istifadə etməliyik. Amma uyğunlaşma vaxt tələb edir.”
Baş məşqçi əlavə edib ki, komandada hazırda zirvə formasında olan iki oyunçu – Carrod Bouen və Kraysensio Sammervil çıxış edir və Traore şansını gözləmək üçün səbirli olmalıdır.
"Vest Hem” yeni transferin komandaya əlavə enerji qatdığına inanır və futbolçunun Premyer Liqa tempinə uyğunlaşması üçün ona dəstəyini davam etdirir.
© Copyright 2026, All Rights Reserved