Vinisius Junior ad gününə görə məhkəməlik olub

“Real Madrid”in ulduzu Vinisius Junior Braziliyada məhkəmə qarşısına çıxarılıb.
90plus.az xəbər verir ki, o, yayda Rio-de-Janeyro şəhərində keçirdiyi möhtəşəm ad günü mərasimi ilə bağlı “digərlərinin işinə və ya istirahətinə mane olmaq” ittihamı ilə məsuliyyətə cəlb olunub.
Rio-de-Janeyronun 9-cu Xüsusi Cinayət Məhkəməsi qonşulardan birinin səs-küylə bağlı şikayəti nəticəsində araşdırma başladıb. Braziliya millisinin cinah hücumçusunun 25 yaşı iyulun 19-dan 21-nə keçən gecə qeyd etdiyi təmtəraqlı mərasim lüks malikanədə baş tutub.
“O Globo”nun xəbərinə görə, mərasimdə Travis Skottun çıxışı da daxil olmaqla konsertlər, atəşfəşanlıq və əyləncə parkı attraksionları olub, bu da ətraf ərazidə yaşayanların rahatlığını pozub.
Şikayətçi hərbçi polisə müraciət edib. Polis əməkdaşları səs-küylə bağlı müdaxilə edərək musiqinin səviyyəsinin azaldılmasını tələb ediblər. Vinisius və təxminən 500 qonaq (aralarında “Real Madrid”li Eduardo Kamavinqa və braziliyalı müğənni Anitta da olub) əvvəlcə göstərişə əməl etsələr də, polis getdikdən sonra səs yenidən yüksək səviyyəyə qalxıb.
Braziliya qanunvericiliyinə əsasən, “başqalarının işinə və ya istirahətinə mane olmaq” maddəsi 15 gündən 3 aya qədər azadlıqdan məhrumetmə və ya cərimə ilə cəzalandırılır.
Rio-de-Janeyro Əyalət Məhkəməsi bu xırda cinayətlə bağlı ilkin dinləməni noyabrın 6-na təyin edib.
© Copyright 2025, All Rights Reserved