Xabi Alonso: "Mbappe “Barselona”ya qarşı oyunda meydana çıxa bilər"
“Real Madrid”in baş məşqçisi Xabi Alonso İspaniya Superkubokunun finalında “Barselona”ya qarşı keçiriləcək oyun öncəsi Kilian Mbappenin vəziyyəti ilə bağlı açıqlama verib. Mütəxəssis fransız ulduzun matçda ehtiyatdan meydana çıxma ehtimalının olduğunu təsdiqləyib.
90plus.az xəbər verir ki, Xabi Alonso mətbuata açıqlamasında bildirib:
“Kilian Mbappe bu axşam bir neçə dəqiqə oynaya bilər. Bu, oyunun gedişatından asılı olacaq. Finaldır, çox gərgin qarşılaşma olacaq və müxtəlif mərhələləri olacaq. Nə baş verməsindən asılı olmayaraq oyuna nəzarəti qorumaq vacibdir. Komanda rəqabətədavamlı olmalı və nə vaxt hərəkətə keçəcəyini bilməlidir. Söhbət finalları qazanmaq üçün mübarizədən gedir”.
İspaniyalı çalışdırıcı heyətlə bağlı digər yeniliklərə də toxunub. Onun sözlərinə görə, Din Huysen bu axşamkı matça tam hazırdır və məşqlərdə çox yüksək səviyyə göstərir. Antonio Rüdigerin də ehtiyac yaranacağı halda oyuna qoşulmağa hazır olduğu bildirilib.
Xabi Alonso “Real Madrid”in sükanı arxasında ilk titulunu qazanmaq üçün komandasının yüksək səviyyədə çıxış edəcəyinə ümid edir. Superkubok finalı onun məşqçi karyerasında “kral klubu” ilə ilk böyük sınaqlardan biri olacaq.
© Copyright 2026, All Rights Reserved