"Ximki"nin azərbaycanlı sahibi 20 milyon verib azadlığa çıxdı

Rusiyada ev dustaqlığına məhkum edilən azərbaycanlı milyarder, “Ximki” futbol klubunun investoru Tufan Sadıqov azadlığa buraxılıb.
90plus.az xəbər verir ki, onunla yanaşı, RM şirkətinin təsisçisi Olqa Danilova, Soyuzdorstroy şirkətinin keçmiş baş direktoru Yelena Oşirova və MTU Saturnun rəhbəri Artem Suslikov da ev dustaqlığından azad edilib.
Eyni zamanda, sahibkarlar Salman Yusupov və İqor Vaşuninin ev dustaqlığının müddəti uzadılıb. Onların hamısı mütəşəkkil cinayətkar qrup tərkibində xüsusilə külli miqdarda dələduzluqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159.4-cü maddəsi) ittiham edilib və Tufan Sadıqovla eyni iş üzrə həbs olunublar.
İstintaqın məlumatına görə, ittiham olunan şəxslər müxtəlif şirkətlərlə saxta kredit müqavilələri bağlayaraq geri qaytarmaq niyyətində olmadıqları kreditlər götürüblər. Bu fırıldaq nəticəsində kreditorlar ciddi maliyyə itkiləri ilə üzləşiblər.
Xatırlatma: 2024-cü ilin dekabrında Tufan Sadıqova qarşı xüsusilə böyük məbləğdə dələduzluq ittihamı ilə cinayət işi açılmış və ona ev dustaqlığı qətimkan tədbiri seçilmişdi. Onun oğlu İlya Sadıqov da “Ximki” klubunun futbolçusudur.
Qeyd: İdman sahəsində ixtisaslaşan bəzi mənbələrin məlumatına görə, Tufan Sadıqov 20 milyon rubl girov müqabilində azadlığa buraxılıb.
© Copyright 2025, All Rights Reserved