Xordi Alba futbolu buraxdı: “Bədənim deyil, beynim istirahət istədi”
İspaniyalı müdafiəçi Xordi Alba gözlənilməz şəkildə futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
90plus.az xəbər verir ki, 36 yaşlı futbolçu "SPORT"a verdiyi eksklüziv müsahibədə bildirib ki, bədəni hələ də ideal vəziyyətdə olsa da, zehni olaraq dəyişiklik vaxtının çatdığını hiss edib.
Hazırda ABŞ-ın "İnter Mayami" klubunun Fort Loderdeyl bazasında olan keçmiş "Barselona" oyunçusu etiraf edib ki, bu ilin əvvəlindən etibarən şəxsi layihələr və ailə həyatı futboldan daha çox ön plana keçib:
“Əvvəllər hiss etmədiyim şeyləri hiss etməyə başladım – artıq məni daha çox həyəcanlandıran başqa şeylər haqqında düşünürdüm. Hər kəsin vaxtı gəlir, əgər bir yerdəsənsə və 100 faiz orada deyilsənsə, davam etmək mənasızdır,” – deyə Alba bildirib.
Alba bu ilin yazında "İnter Mayami" ilə müqaviləsini yeniləsə də və Lionel Messi ilə birlikdə klubun ilk MLS Kubokunu qazanmaq uğrunda mübarizə aparsa da, qərarının “tam düşünülmüş və inamla verilmiş” olduğunu vurğulayıb.
Təcrübəli sol cinah müdafiəçisi pley-off mərhələsində hər oyunun dəyərini daha çox anlayacağını deyib:
“Play-offda heç vaxt bilmirsən, hansı oyun sənin sonuncu olacaq. Mən dörd yaşımdan etdiyim bir şeyi bitirirəm. Dörd-beş il sonra da bu qərarı versəydim, yenə kədərli olardı – indi doğru vaxtdır”
Xordi Alba futbolçu kimi zəngin karyerasını "Barselona" ilə qazandığı çoxsaylı titullarla və "İnter Mayami"dəki son macərası ilə başa vurur.
© Copyright 2025, All Rights Reserved