Yamal anti-müsəlman şüarlara görə azarkeşlərlə sağollaşmadı
Lamin Yamal öz azarkeşlərinin anti-müsəlman şüarlarına görə onlarla sağollaşmadı.
90plus.az xəbər verir ki, İspaniya millisinin gənc ulduzu Lamin Yamal İspaniya – Misir oyunundan (0:0) sonra stadionda səsləndirilən anti-müsəlman şüarlara görə azarkeşlərlə sağollaşmadan birbaşa paltardəyişmə otağına yollanıb və daha sonra sərt açıqlama verib.
Gənc futbolçu bildirib ki, o, müsəlmandır və bu cür şüarlar birbaşa ona qarşı olmasa belə, bunu hörmətsizlik hesab edir:
“Mən müsəlmanam, əlhəmdülillah. Dünən stadionda ‘tullanmayan müsəlmandır’ şüarı səsləndi. Bilirəm ki, bu rəqib komandaya yönəlmişdi və şəxsən mənə qarşı deyildi, amma müsəlman biri kimi bu yenə də hörmətsizlik və dözülməz bir şeydir.
Bilirəm ki, bütün azarkeşlər belə deyil, amma bu cür şüarlar oxuyanlara demək istəyirəm: stadionda dini lağ obyektinə çevirmək sizi cahil və irqçi insanlar kimi göstərir.
Futbol insanların kimliyinə və ya nəyə inandığına görə onları təhqir etmək üçün yox, zövq almaq və dəstək olmaq üçündür. Bununla belə, bizi dəstəkləməyə gələn insanlara təşəkkür edirəm, Dünya Çempionatında görüşərik.”
Hadisə İspaniya – Misir yoldaşlıq oyunundan sonra baş verib. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Bir qrup ispan azarkeş Misir millisinin futbolçularını müsəlman olduqları üçün şüarlarla təhqir edib. Bu hadisə sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub və futbol ictimaiyyətində narazılıq yaradıb.
© Copyright 2026, All Rights Reserved