Yohan Kroyfun oğlu “Ayaks”da! RƏSMİ
Əfsanəvi Yohan Kroyfun oğlu Yordi Kroyf "Ayaks”ın texniki direktoru oldu!
90plus.az xəbər verir ki, “Ayaks” əfsanəsi Yohan Kroyfun oğlu olan Yordi Kroyf 2026-cı ilin fevralında yeni vəzifəsinin icrasına başlayacaq. Klubun rəsmi hesabı bunu rəsmən açıqlayıb. 2,5 illik müqavilə nəzərdə tutulur.
Yordi Kroyf futbol karyerasına 1981-ci ildə “Ayaks”ın akademiyasında başlayıb. Daha sonra atası Yohan Kroyf 1988-ci ildə “Barselona”ya baş məşqçi təyin olunduqdan sonra ailəsi ilə birlikdə Kataloniya klubuna keçib.
Oyunçu karyerası ərzində “Barselona”, “Mançester Yunayted” və Niderland milli komandasında çıxış edən Kroyf sonradan AEK Larnaka və “Makkabi” Təl-Əviv klublarında texniki direktor olub. 2017/18 mövsümündə isə “Makkabi”də həm də baş məşqçi kimi çalışıb.
Daha sonra Çin millisinin, ardınca isə Ekvador yığmasının baş məşqçisi olan Kroyf 2022-ci ildə “Barselona”nın texniki direktoru vəzifəsinə gətirilib. Onun rəhbərliyi dövründə, Lionel Messinin ayrılmasından sonra, klub Pyer-Emerik Obameyanq, Robert Levandovski kimi futbolçuları heyətə qatıb, həmçinin Xavini baş məşqçi postuna qaytarıb.
Kroyf “Ayaks”a klub üçün olduqca çətin bir mövsümün ortasında qoşulur. Amsterdam təmsilçisi artıq lider PSV-dən 16 xal geri qalır, UEFA Çempionlar Liqasında isə ilk 6 oyundan cəmi 3 xal ("Qarabağ"ı udaraq) toplayaraq mübarizəni faktiki olaraq dayandırıb. Komandanın baş məşqçisi Con Heytinqa da cəmi 5 aylıq işdən sonra vəzifəsindən uzaqlaşdırılıb.
51 yaşlı Yordi Kroyfun 2026-cı ilin fevralında işə başlayacağı gözlənildiyindən, “Ayaks” yaxın müddətdə yeni baş məşqçi axtarışını da yenidən gündəmə gətirəcək. Klub rəhbərliyi hazırkı mərhələdə əsas prioriteti texniki direktor məsələsinə vermişdi.
© Copyright 2026, All Rights Reserved