Yurgen Kloppdan geri dönüş siqnalı: “Niyə də olmasın?”
“Liverpul”da 9 illik uğurlu fəaliyyəti dövründə 2 Premyer Liqa və 1 Çempionlar Liqası titulu qazanan Yurgen Klopp iki mövsüm əvvəl komandadan ayrıldıqdan sonra ilk dəfə məşqçiliyə qayıtmaq ehtimalı barədə danışıb.
90plus.az xəbər verir ki, hazırda “Red Bull” futbol layihəsinin Qlobal Futbol Rəhbəri vəzifəsində çalışan alman mütəxəssis, gələcəklə bağlı planlarının olmadığını bildirsə də, qayıdış ehtimalını tam istisna etməyib.
“Bir gün yenidən baş məşqçi olarammı? Bilmirəm. Hazırda gələcəklə bağlı heç bir planım yoxdur. ‘Bir daha əsla’ demərəm, amma ‘mütləq qayıdacağam’ da deyə bilmərəm. Bu dövr mənim üçün dincəlmək, düşünmək və yenidən formalaşmaq zamanıdır. Əgər bir gün içimdə yenidən o məşqçi istəyi – o qığılcım – yaranarsa, bunu hamı anlayacaq,” – Klopp bildirib.
“Liverpul”dakı günlərini xatırlayan Klopp klubla emosional əlaqəsindən danışıb:
“Oradakı insanlar mənə ‘The Kop’ tribunasında qara-qırmızı-qızılı ürək forması ilə vida etdilər. Bu çox xüsusi an idi. Amma mən bunu milli jest kimi qəbul etmədim. Mən artıq ‘Liverpul’un bir hissəsi idim. Heç vaxt ‘ölkəm üçün çalışıram’ düşüncəsi ilə məşq etmədim. Həyatım sadəcə məşqlər, oyunlar, otellər və avtobus səfərləri ilə keçdi.”
Klopp həmçinin “Liverpul”dakı titullardan çox, oradakı insanları və qurduğu münasibətləri xatırlayacağını bildirib:
“Qazandığımız Premyer Liqa və Çempionlar Liqası çox gözəl idi. Amma illər sonra yadımda qalacaq şeylər o deyil. Pep Laynders, Peter Krawiets, Mona Nemmer, Andreas Kornmayer – onlarla ömürlük dostluq qurmuşam. Futbolda həqiqətən önəmli olan budur. Əgər bu işi duyğu ilə etmirsənsə, bir müddət sonra yalnız stress və təzyiq qalır.”
© Copyright 2025, All Rights Reserved