"Yuventus"un hücumçusu "Barselona"ya gedir
İtaliya A Seriyasında çıxış edən "Yuventus"un hücumçusu Duşan Vlahoviçin gələcəyi ilə bağlı sensasion iddia gündəmə gəlib. Mövsümün sonunda Turin təmsilçisi ilə müqaviləsi başa çatacaq serbiyalı futbolçunun karyerasını "Barselona"da davam etdirəcəyi irəli sürülüb.
90plus.az xəbər verir ki, Serbiya millisində Vlahoviçin fitnes məşqçisi və ona ən yaxın şəxslərdən biri olan Duşan İliç İtaliya mətbuatına açıqlamasında transfer istiqamətini açıq şəkildə göstərib. O bildirib ki, 25 yaşlı hücumçu "Yuventus"dan ayrıldıqdan sonra karyerasını qəti şəkildə "Barselona"da davam etdirəcək. İliç hətta bu keçidlə bağlı danışıqların artıq başladığına eyham vurub.
Vlahoviç 2022-ci ildə "Fiorentina"dan 80 milyon avro qarşılığında "Yuventus"a transfer olunmuşdu. Onun mövsüm sonunda azad agent kimi ayrılmaq ehtimalı Avropanın bir sıra nəhəng klublarının marağına səbəb olub. Lakin xəbərlərdə "Barselona"nın həm idman, həm də emosional baxımdan bu yarışda bir addım öndə olduğu vurğulanır.
Kataloniya klubunda isə bu transfer Robert Levandovskidən sonrakı dövrün qurulmasında əsas addım kimi qiymətləndirilir. Polşalı hücumçunun müqaviləsinin yayda başa çatması və MLS təmsilçisi "Çikaqo Fayr" başda olmaqla ABŞ klublarının ona maraq göstərməsi "Barselona" rəhbərliyini yeni hücumçu məsələsində hərəkətə keçməyə vadar edib.
© Copyright 2026, All Rights Reserved