Ançelotti Arda xəbərini yalanladı: "Doğru deyil"
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti son günlərdə Arda Gülerin komandadakı vəziyyəti ilə bağlı yayılan iddialara cavab verib.
90plus.az xəbər verir ki, Ançelotti gənc futbolçunun məşq tempi və performansı ilə bağlı narazılıq olduğu barədə xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.
Arda Güler "Real Sosiedad"a qarşı keçirilən Kral Kuboku yarımfinalında start heyətində yer almış, lakin oyunda istənilən təsiri göstərə bilməmişdi. Buna baxmayaraq Ançelotti Arda ilə bağlı hər hansı bir problemin olmadığını və onun sadəcə zamana ehtiyacı olduğunu vurğulayıb.
Ançelotti gənc oyunçuların inkişafı üçün səbirli olmağın vacibliyini qeyd edərək Arda Güler və Endrick kimi istedadların komandada qalacağını və zamanla daha çox şans əldə edəcəklərini ifadə edib. O, hər matçda ən yaxşı heyəti meydana çıxarmağa çalışdığını və gənc oyunçuların öyrənməli olduqları bəzi şeylər olduğunu əlavə edib.
Arda Güler bu mövsüm "Real Madrid" forması ilə 17 oyunda iştirak edib və bu müddət ərzində 1 qol və 1 asistlə yadda qalıb. Gənc futbolçunun klubla olan müqaviləsi 30 iyun 2029-cu il tarixinə qədər davam edir.
© Copyright 2026, All Rights Reserved