Aslan qocalıb - Lebron Ceymsin tarixi seriyası bitdi
90plus.az xəbər verir ki, NBA-də bu gün keçirilən qarşılaşmada “Leykers” səfərdə “Reptors” üzərində 123-120 hesablı qələbə qazanıb. Matçın son anlarında yaranan 120-120-lik bərabərlik Rui Haçimuranın son saniyə üçlüyü ilə pozulub və qələbəni Los Anceles təmsilçisinə gətirib.
“Leykers” komandasının ən məhsuldar oyunçusu 44 xal toplayan Ostin Rivs olub. Deyandre Eyton 17, Ceyk LaRavia isə 14 xal ilə yadda qalıb. “Reptors” tərəfdə Skotti Barns 23 xalla komandasının lideri olub. Brendon İnqram 20, Ca’Kob Uolter isə 17 xal əldə edib.
Komandanın ulduzu Lebron Ceyms 36 dəqiqə meydanda kalsa da, görüşü 8 xal, 6 ribaund və 11 ötürmə ilə başa vurub. Bununla da amerikalı basketbolçunun tarixi seriyası yekunlaşmış oldu.
40 yaşlı ulduz NBA-də 5 yanvar 2007-dən bəri ilk dəfə olaraq normal mövsüm matçında 10 xal həddini aşa bilmədi. Onun 1.297 oyun davam edən seriyası “Reptors” səfərində dayandı.
© Copyright 2025, All Rights Reserved