"Ayntraxt"ın kapitanı: "Bizi vacib oyunlar gözləyir"
“Ayntraxt”ın kapitanı Robin Kox UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində Bakıda “Qarabağ”la keçiriləcək oyun ərəfəsində mətbuat konfransında iştirak edib.
90plus.az xəbər verir ki, almaniyalı mərkəz müdafiəçisi komandanı qarşıda önəmli görüşlərin gözlədiyini bildirib:
“İmkan düşmüşkən, komanda adından keçmiş baş məşqçimiz Dino Toppmöllerə birlikdə yaşadığımız uğurlu dövr üçün təşəkkür etmək istəyirəm. Meydanda hər zaman böyük zövqlə oynayırdıq və müsbət atmosfer hökm sürürdü. Onunla şəxsən də danışmışam, lakin bunu burada bir daha qeyd etmək istədim. Futbolda belə məqamlar olur. Hazırda bizim üçün əsas məsələ diqqətimizi gələcəyə yönəltməkdir. Qarşıda bizi çox vacib oyunlar gözləyir. Dəyişiklikləri mümkün qədər tez etməli və yenidən qələbələr qazanmalıyıq. Son qarşılaşmalarda həddindən artıq səhv qərarlar vermişik. Hər kəs hər zaman maksimumunu göstərməyə çalışırdı. Bundan sonra bir komanda kimi çıxış etməli və buraxdığımız qollarla bağlı problemləri nəzarət altına almalıyıq. Azarkeşlərimizin bizim üçün nə qədər dəyərli olduğunu hamı yaxşı bilir. Sabah yanımızda olmasalar da, dəstəklərinin arxamızda olduğunu hiss edirik.”
© Copyright 2026, All Rights Reserved