Azərbaycanlı futbolçu Bundesliqada! RƏSMİ
Azərbaycan qadın futbolu növbəti uğura imza atıb. Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva Almaniyanın Bundesliqa təmsilçisi “Hamburq” klubu ilə 2,5 illik müqavilə imzalayıb.
90plus.az xəbər verir ki, bu transfer futbolçunun Rusiyanın “Zenit” klubundakı çıxışı ilə birbaşa bağlıdır. Nigar Mirzəliyeva Sankt-Peterburq təmsilçisində göstərdiyi stabil və uğurlu oyunla Avropa klublarının diqqətini cəlb etməyi bacarıb və nəticədə “Hamburq”a keçid gerçəkləşib.
Mütəxəssislər bu keçidi təkcə futbolçunun şəxsi karyerası baxımından deyil, ümumilikdə Azərbaycan qadın futbolu üçün də mühüm addım kimi qiymətləndirirlər. Almaniya kimi güclü futbol ölkəsində çıxış etmək Mirzəliyevanın inkişafına əlavə töhfə verəcək.
Qeyd: “Hamburq” hazırda 14 komandanın mübarizə apardığı çempionatda 13-cü pillədə qərarlaşıb.
Xatırlatma: Nigar Mirzəliyeva 2020-ci ildən Azərbaycan millisinin şərəfini qoruyur. O, indiyədək “Balxurma”, “Marxal Şəki”, Rusiyanın “Rubin” və “Zenit” klublarında forma geyinib.
© Copyright 2026, All Rights Reserved