"Benfika"da Mourinyonu o əvəz edir - Övlad geri dönür...
“Benfika”nın Portuqaliya Kubokunun yarımfinal mərhələsində “Braqa”ya 1:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşması baş məşqçi Joze Mourinyonun postunu ciddi şəkildə silkələyib.
90plus.az xəbər verir ki, Kubokdan kənarlaşdırılma rəhbərlik üçün son damla olub. Klub rəhbərliyinin dünyaca məşhur mütəxəssis Joze Mourinyo ilə yolları ayırmağı planlaşdırdığı bildirilir. Onun yerinə əsas namizəd isə “Benfika”nın sabiq futbolçusu Ruben Amorimdir.
“Xüsusi biri” gedir, “övlad” qayıdır?
“TalkSport”un yaydığı məlumata görə, yaxın günlərdə “Mançester Yunayted”dəki vəzifəsindən ayrılan Ruben Amorim “Benfika” üçün ən güclü namizəd hesab olunur. 40 yaşlı mütəxəssisin klubun daxili mühitini yaxından tanıması və hazırda azad agent statusunda olması bu ehtimalı daha da artırır.
Məlumatda qeyd olunur ki, Joze Mourinyonun müqaviləsində yer alan xüsusi maddə onun qarşıdakı yay transfer dönəmində klubdan təzminatsız ayrılmasına imkan verir.
Futbolçu karyerası dövründə uzun illər “Benfika” formasını geyinmiş Amorimin yenidən doğma kluba qayıdışı Portuqaliya futbolunda böyük rezonans doğura bilər.
© Copyright 2026, All Rights Reserved