Cokoviç Sinneri udub finala çıxdı
Novak Cokoviç Avstraliya Açıq finalında Karlos Alkarasla qarşılaşacaq.
90plus.az xəbər verir ki, mövsümün ilk “Qrand Slam” turniri olan Avstraliya Açıqda kişilərin tək yarışında finalçılar bəlli olub. Yarımfinal mərhələsində serbiyalı tennisçi Novak Cokoviç italiyalı Yannik Sinneri 3:2 hesabı ilə məğlub edərək finala yüksəlib.
Melburn şəhərində keçirilən turnirin yarımfinal qarşılaşmasında son iki ilin çempionu, dünya reytinqində 2-ci pillədə qərarlaşan Yannik Sinner ilə Avstraliya Açıq turnirinin 10 qat qalibi olan Novak Cokoviç üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən görüşdə Novak Cokoviç Yannik Sinneri 3-6, 6-3, 4-6, 6-4 və 6-4 hesablı setlərlə məğlub edərək finala adlayıb.
Finalda Novak Cokoviçin rəqibi dünya reytinqinin lideri, ispaniyalı Karlos Alkaras olacaq. Alkaras yarımfinal mərhələsində alman tennisçi Aleksandr Zverevi 3:2 hesabı ilə məğlub edərək finala yüksələn ilk idmançı olub.
Fevralın 1-də keçiriləcək final qarşılaşması böyük maraqla gözlənilir. Karyerasında 24 “Qrand Slam” tituluna sahib olan Novak Cokoviç turniri qazanacağı təqdirdə, tarixdə ən çox “Qrand Slam” turniri qazanan tennisçi ünvanını möhkəmləndirəcək.
38 yaşlı serbiyalı tennisçi Avstraliya Açıq tarixində ən yaşlı təkli çempion olmaqla Ken Rouzvolla məxsus rekordu da qıra bilər.
© Copyright 2026, All Rights Reserved