Elvin Cəfərquliyev həyatının çətin dönəmlərindən danışdı
Elvin Cəfərquliyev həyatının ən çətin dövrünü xatırladı: “Pul qazanmağın nə qədər çətin olduğunu o vaxt anladım”.
90plus.az xəbər verir ki, “Qarabağ”ın və Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev karyerasında üzləşdiyi ən ağır mərhələ ilə bağlı səmimi açıqlamalar verib.
Futbolçu "Qafqazinfo"ya bildirib ki, yeniyetmə yaşlarında bir ay futboldan uzaq qalması onun həyatı üçün ciddi sınaq olub:
“Bir ay futbolsuz qaldım… Evdə də maddi durum ürəkaçan deyildi. Öz-özümə düşünürdüm ki, valideynlərimə yük oluram, onları əlavə xərcə salıram. Ona görə də qərara gəldim ki, işləməliyəm.”
Elvin Cəfərquliyevin sözlərinə görə, həmin vaxt 14–15 yaşı olub və özü üçün iş axtarmağa başlayıb:
“Bir restoranda ofisiant kimi işləməyə başladım. Uzun çəkmədi, amma evə az da olsa kömək edirdim.”
Gənc yaşda yaşadığı psixoloji çətinlikləri də xatırlayan futbolçu ilk iş günündə qarşılaşdığı münasibətin onu sarsıtdığını deyib:
“Hələ bərkiməmişdim. İlk iş günündə ağ köynək geyinmişdim, saçlarım da uzun idi. Restoranın sahibi gəlib dedi: ‘Bu nə saçdır?’ — çox pis təsir etmişdi.”
Cəfərquliyev məhz həmin dövrdə həyat dərsi aldığını vurğulayıb:
“Pul qazanmağın nə qədər çətin olduğunu o vaxt anladım.”
O, atasının meyvə-tərəvəz satdığını və işdən sonra gedib ona kömək etdiyini də bildirib. Futbolçunun həyatında dönüş nöqtəsi isə gecə saatlarında aldığı zəng olub:
“Bir gecə, saat 11–12 radələrində zəng gəldi. Dedilər ki, Rəşad Sadıqov səni ‘Qarabağ’ın məşqində gözləyir. Şok oldum. Axı uzun müddət idi futbol oynamırdım…”
Həmin vaxt “Qarabağ”ın Çempionlar Liqasında, klubun U-19 komandasının isə Gənclər Liqasında çıxış etdiyini xatırladan Elvin Cəfərquliyev öz xarakteri barədə də açıq danışıb:
“Özüm də bilirdim ki, xarakterim problemli idi, davakar idim.”
Məşq zamanı Rəşad Sadıqovun ona dedikləri isə gənc futbolçunun yaddaşında xüsusi yer tutub:
“Səni çoxdandır izləyirəm. Komandamda görmək istəyirəm, amma xarakterini dəyişməlisən. Potensialın böyükdür, yaxşı futbolçu ola bilərsən.”
Bu etiraflar Elvin Cəfərquliyevin bugünkü uğurlarının arxasında hansı çətin və ağrılı yolun dayandığını açıq şəkildə göstərir.