“İmarət”in tikintisinə 60,5 milyon manat ayrıldı
Ağdam şəhərində inşa olunacaq “İmarət” stadionu ilə bağlı növbəti mərhələ rəsmiləşib. Gənclər və İdman Nazirliyinin elan etdiyi tenderin qalibi müəyyənləşib və layihənin icrası “PMD Project” MMC-yə həvalə olunub.
90plus.az xəbər verir ki, dövlət vəsaiti hesabına reallaşdırılacaq layihənin ilkin mərhələsi üçün 30,4 milyon avro (60,5 milyon manat) maliyyə ayrılıb. Müasir standartlara uyğun stadion kompleksinin tikintisi 2026-cı ildə başlanmalı, işlərin isə 2028-ci ilin sonunadək tamamlanması planlaşdırılır.
UEFA-nın 4-cü kateqoriya tələblərinə cavab verəcək arena 11 min 700 tamaşaçı tutumuna malik olacaq. Təbii ot örtüklü meydança ilə təchiz ediləcək stadion istifadəyə verildikdən sonra “Qarabağ” klubu uzun fasilədən sonra ev oyunlarını doğma Ağdamda keçirmək imkanı qazanacaq.
Qeyd: “İmarət” stadionunun təməli 2024-cü ilin sentyabrında qoyulub. Tenderin qalibi olan “PMD Project” MMC indiyədək “Zəfər Parkı”, Şuşa Məscidi, Ağdamdakı “İmarət” kompleksi və bir sıra digər iri layihələrin icrasında iştirak edib.
© Copyright 2026, All Rights Reserved